Amerika Birləşmiş Ştatları (ABŞ) yeddi Rusiya vətəndaşını, iki yük gəmisini və iki Türkiyə şirkətini sanksiya siyahısından çıxarıb. Bu qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) yaydığı bildirişdə əksini tapıb.
Sənədə əsasən, bank və korporativ sektorla əlaqəli olan bir qrup Rusiya vətəndaşına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Bundan başqa, Rusiyanın Dövlət Nəqliyyat Lizinq Şirkəti ilə bağlı olan “Gennadi Yeqorov” və “Vyaçeslav Arşinov” adlı çoxməqsədli quru yük gəmiləri də sanksiyalardan azad edilib.
Məhdudiyyətlər həmçinin iki Türkiyə şirkəti üçün də ləğv olunub. Bunlar lift istehsalçısı “IDA Asansor” və “Dein danışmanlık pazarlama ve ticaret anonim şirketi” şirkətləridir. Onlar daha əvvəl sanksiyalardan yayınmaqda və Rusiyanın müdafiə sənayesinə mal tədarük etməkdə ittiham olunurdular.
ABŞ tərəfi sanksiyaların ləğv edilməsi qərarının səbəbləri barədə hər hansı əlavə məlumat təqdim etməyib.