6 Tammuz 5786 21 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Hadisələr Texnologiya İdman Xəbərlər
İran yönlü dezinformasiya şəbəkələrinin yeni hədəfi Albert Aqarunovdur

İran yönlü dezinformasiya şəbəkələrinin yeni hədəfi Albert Aqarunovdur

i Articles published on the site are reviewed by the editorial team. Authors' opinions may differ from the editorial position.
Siyasət
📅

İran və ona yaxın informasiya şəbəkələrinin son həftələrdə Azərbaycanla İsrail arasındakı münasibətləri hədəf alan kampaniyası yeni mərhələyə keçib. İsrailin “7-ci Kanal”ı və “The Jerusalem Post” qəzetində dərc olunan materiallarda bildirilir ki, bu dəfə əsas hədəf Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovdur.

Azərbaycan dilində fəaliyyət göstərən müxtəlif sosial media hesablarında Albert Aqarunovun xatirəsinə qarşı kampaniya başladılıb. Telegram, TikTok, X və Facebook platformalarında yayılan paylaşımlarda onun qəhrəmanlıq irsini gözdən salmağa cəhd edilir. Paylaşımlarda “Albert Aqarunov haqqında yalan çökdü” və “onun hekayəsi saxtakarlıqdır” kimi ifadələrdən istifadə olunur.

Məqalələrdə qeyd edilir ki, bəzi paylaşımlar Azərbaycanda İran tərəfindən dəstəklənən və özlərini ölkənin dünyəvi hakimiyyətinə “müxalifət” kimi təqdim edən təxribatçı qrupların istifadə etdiyi həştəqlər və terminlərlə müşayiət olunub. Hesabların bir hissəsi özlərini müxalifət nümayəndələri kimi göstərsə də, onların istifadə etdiyi dil və terminologiya İran tərəfdarı və “Müqavimət oxu” ilə əlaqələndirilən şəbəkələrin leksikası ilə üst-üstə düşür.

Paylaşımların vaxtı, məzmunu və istifadə olunan ifadələr Azərbaycanın İsraillə münasibətlərinə görə hədəfə alındığı daha geniş İranyönlü narrativlərlə eyni xətti təşkil edir. Bu kampaniya İran və ona yaxın qüvvələrin Azərbaycanın İsrailin İrana qarşı əməliyyatları üçün platformaya çevrildiyi barədə iddiaları yenidən gündəmə gətirdiyi dövrə təsadüf edir.

1969-cu ildə Bakıda anadan olan dağ yəhudisi Albert Aqarunov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azərbaycan Ordusuna qoşulub. Tank komandiri kimi xidmət edən A. Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Sonradan ona Azərbaycanın ən ali mükafatı olan Milli Qəhrəman adı verilib.

O, Bakıda Şəhidlər xiyabanında Azərbaycan və İsrail bayraqları altında dəfn olunub. Adı məktəbə verilib, Bakının rayonlarından birində abidəsi ucaldılıb.

Qeyd edək ki, “The Jerusalem Post” daha əvvəl də A. Aqarunovun xatirəsinin anılması ilə bağlı xüsusi məqalə dərc edərək onun təkcə döyüş qəhrəmanı deyil, həm də Azərbaycanda dinlərarası həmrəyliyin və ortaq vətəndaş kimliyinin simvolu olduğunu vurğulamışdı.

İsrail mediası qeyd edir ki, A. Aqarunov heç vaxt yəhudi kimliyini gizlətməyib və onun milli mənsubiyyəti Azərbaycandakı ictimai xatirənin ayrılmaz hissəsi olaraq qalır. Son günlər onun haqqında yayılan paylaşımlar Azərbaycanlı şərhçilər və yəhudi icmasının nümayəndələri tərəfindən onun nüfuzunu ləkələməyə yönəlmiş daha geniş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Kampaniya Azərbaycan cəmiyyətində əks reaksiyaya səbəb olub. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər Albert Aqarunovu Milli Qəhrəman kimi qiymətləndirməyə davam edərək onun ünvanına yönələn ittihamları rədd ediblər. Eyni zamanda, Bakıda İsrail uzun illərdir, xüsusilə Qarabağ müharibələri dövründə və ondan sonra mühüm təhlükəsizlik tərəfdaşı kimi qəbul edilir.

Məqalələrdə bildirilir ki, bu informasiya fəallığı CNN-in iyunun 5-də dərc etdiyi və anonim mənbələrə istinadən İsrail hərbçiləri, kəşfiyyat əməkdaşları və “Mossad” agentlərinin İranla müharibə dövründə Azərbaycanın cənubundan fəaliyyət göstərdiyi barədə məlumat yaymasından sonra daha da güclənib. Həmin materialda onların kəşfiyyat toplama, pilotsuz uçuş aparatları ilə bağlı fəaliyyət və İranın şimal sərhədləri yaxınlığında mümkün xilasetmə əməliyyatları üçün istifadə olunduğu iddia edilirdi.

Azərbaycan rəsmiləri bu məlumatları qəti şəkildə təkzib ediblər. Bakı bəyan edib ki, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya düşmən xarakterli addımlar üçün istifadə edilməsinə icazə verilmir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Tasnim” və “Fars” agentlikləri uzun illərdir İsrailin İranın şimal sərhədləri yaxınlığında Azərbaycanda hərbi və ya kəşfiyyat infrastrukturu saxladığını iddia edirlər. Bakı isə ardıcıl şəkildə xarici hərbi bazaların yerləşdirilməsi və Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması ilə bağlı iddiaları rədd edir. Oxşar narrativlər 2012-ci ildə də gündəmə gəlmiş, həmin vaxt həm Azərbaycan, həm də İsrail rəsmiləri yayılan məlumatları təkzib etmişdilər.

“7-ci Kanal”a danışan İsraildəki siyasi mənbə Albert Aqarunovun xatirəsinə qarşı hücumun daha geniş hibrid təhdidlər sxeminin bir hissəsi olduğunu bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də daha əvvəl yüzlərlə İran əlaqəli hesabın koordinasiyalı şəkildə dezinformasiya fəaliyyəti həyata keçirdiyini açıqlayıb. Sosial şəbəkələrdə fəaliyyət göstərən saxta profillərin Azərbaycanın müstəqil siyasətinə qarşı yönəldiyi, “Bakının İsrailin maraqlarına xidmət etdiyi” fikrini yaymağa çalışdığı və ölkədə ictimai həmrəyliyi zəiflətmək məqsədi güddüyü vurğulanıb.

Beləliklə, İsrail mətbuatının qənaətinə görə, Albert Aqarunovun xatirəsinə qarşı son kampaniya təkcə bir şəxsə yönəlmiş hücum deyil, Azərbaycan-İsrail münasibətlərinə və ölkə daxilindəki ictimai birliyə qarşı aparılan daha geniş informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilir.

 

jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →