İyulun 22-si gecə saatlarında Tbilisidə baş verən atışma nəticəsində bir yetkinlik yaşına çatmayan şəxs ölüb. Daha üç nəfər yaralanaraq tibb müəssisəsinə çatdırılıb. Bu barədə mediada yayılan məlumatlardan sonra Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, hücum edən şəxs atəş açaraq ikisi yetkinlik yaşına çatmayan olmaqla dörd nəfəri yaralayıb, daha sonra hadisə yerindən qaçıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, lakin yetkinlik yaşına çatmayanlardan biri daxil olduqdan qısa müddət sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Medianın təsdiqlənməmiş məlumatlarına görə, həlak olan şəxsin 17 yaşı var idi.
Gürcüstan DİN həmçinin bildirib ki, ehtimal edilən atıcı "hadisədən qısa müddət sonra" saxlanılıb. Həbs edilərkən o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahla müqavimət göstərib və qolundan yaralanıb. Qurum yaranın xarakterini dəqiqləşdirməyib.
Media məlumatlarına görə, hadisə Vera rayonunda, Akaki Şanidze və Akaki Xorava küçələrinin kəsişməsində baş verib. Hadisə şahidi Elene Koridze baş verənlər barədə danışıb:
Kişi avtomobildə əyləşən 17 və ya 18 yaşlı üç gəncə sadəcə güldükləri üçün atəş açıb. Daha sonra o, yaxınlıqdakı bir qadına da atəş edib.
Hazırda ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq aparılır. Saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Mənbə: civil.ge
