Yenilənib: Sentyabr 10, 2026 11:45 səhər
Qax rayonunun Suskənd kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Jnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Xilasedicilər BMW markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpıldığını müəyyən ediblər.
Zərbə nəticəsində avtomobilin kuzovu ciddi zədələnib. Sürücü, 1985-ci il təvəllüdlü İradə Nurəddin qızı İsmayılova salonda sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə edərək zərərçəkəni avtomobildən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hazırda müvafiq qurumlar tərəfindən hadisənin təfərrüatları araşdırılır.
