İsrail Azərbaycandakı səfirliyi Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfatı ilə bağlı başsağlığı verib.
“Azərbaycanın Aşkenazi yəhudi icmasının hörmətli lideri, uzun illər Azərbaycanda yəhudi həyatının qorunması, gücləndirilməsi və təmsil olunması üçün çalışmış sədaqətli şəxsiyyət Aleksandr Şarovskinin vəfatından dərin kədər hissi keçiririk”.
Jnews.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin yaydığı başsağlığı mesajında bildirilib.
Qeyd olunub ki, Aleksandr Şarovskinin liderliyi, fədakarlığı və icmaya verdiyi töhfələr Azərbaycan cəmiyyətində dərin köklərə malik uzunmüddətli birgəyaşayış, qarşılıqlı hörmət və dostluq ruhunu əks etdirib.
Vurğulanıb ki, yəhudi icmasındakı mühüm rolundan əlavə, Aleksandr Şarovski Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən biri olub. Xalq artisti, aktyor və rejissor kimi onun uzunmüddətli və zəngin yaradıcılıq fəaliyyəti onilliklər ərzində ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verib.
Səfirlik Aleksandr Şarovskinin ailəsinə, Azərbaycanın yəhudi icmasına, eləcə də onu tanıyan, hörmət edən və sevən hər kəsə dərin hüznlə başsağlığı verib.
