“Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində “COP29-dan İqlim Həftəsinə: “Yaşıl dünya” üçün rəqəmsal fəaliyyət yolu” adlı panel müzakirəsi keçirilib.
Jnews.az xəbər verir ki, panel zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ekoloji sahədə rəqəmsal texnologiyaların tətbiqinin nəticələri barədə hesabat təqdim edib.
Rəşad Həsənovun sözlərinə görə, dövlət qurumları arasında sənədlərin rəqəmsal mübadiləsinə keçid hər ay təxminən 5 milyon vərəq kağıza qənaət etməyə imkan verir. Nazirliyin qiymətləndirmələrinə əsasən, bu, ildə 6 mindən çox ağacın qorunmasına töhfə verir.
Nazir müavini, həmçinin ətraf mühitin vəziyyətinin monitorinqi üçün peyk texnologiyalarından, məsafədən zondlama sistemlərindən və coğrafi informasiya sistemlərindən istifadə edildiyini bildirib. Bu alətlər səhralaşma proseslərini və quraqlıq səviyyəsini izləməyə, habelə ölkə çaylarında suyun keyfiyyətinə və səviyyəsinə nəzarət etməyə imkan verir.
Telekommunikasiya sektorunda ekoloji izin azaldılmasına da xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycanda günəş enerjisi ilə işləyən baza stansiyalarının quraşdırılmasına başlanılıb. Hazırda təkcə Qarabağ bölgəsində 75-dən çox belə stansiya fəaliyyət göstərir. Onlar enerjinin 60 faizdən çoxunu bərpa olunan mənbələrdən əldə edirlər.
Rəşad Həsənov vurğulayıb ki, Azərbaycanın təcrübəsi rəqəmsallaşmanın ölçülə bilən nəticələr verdiyini göstərir. Onun sözlərinə görə, bu nəticələrə kağız dövriyyəsinin azalması, enerji istehlakının aşağı düşməsi və meşə massivlərinin qorunması daxildir.
Mənbə: apa.az
