Bu gün Nauru Respublikası rəsmi olaraq Yerusəlimdə səfirliyini açıb. Bu diplomatik nümayəndəlik İsrailin paytaxtında yerləşən doqquzuncu səfirlik olub.
Jnews.az xəbər verir ki, mərasimdə iştirak etmək üçün Naurunun vitse-prezidenti və xarici işlər naziri Lionel Roven Engimea İsrailə gəlib. Onun sözlərinə görə, səfirliyin açılması barədə qərar İsrailin xarici işlər naziri Gideon Saarla Ficidə keçirilən görüşdən sonra qəbul edilib.
“Yerusəlim həmişə qəlbimizdə xüsusi yer tutub.”
Naurunun vitse-prezidenti qeyd edib ki, ölkəsi BMT-də keçirilən səsvermələrdə 71 faiz hallarda İsraili dəstəkləyir və bu göstəricinin gələcəkdə artacağına əminliyini ifadə edib.
İsrailin xarici işlər naziri Gideon Saar Naurunu yəhudi dövlətinin ən sadiq dostlarından biri adlandırıb və səfirliyin açılmasının Yerusəlimin paytaxt statusunu təsdiqlədiyini vurğulayıb.
Bundan əvvəl Yerusəlimdə ABŞ, Qvatemala, Honduras, Kosovo, Paraqvay, Papua-Yeni Qvineya, Fici və Somaliland səfirliklərini açıb. Nauru Respublikası 2019-cu ilin avqustunda Yerusəlimi İsrailin paytaxtı kimi rəsmən tanıyıb.
Mənbə: 9tv.co.il
