Ötən il Yom Kipur bayramı zamanı Mançesterdəki Hiton-Park sinaqoquna hücum nəticəsində yaralanan Yoni Finley bildirib ki, faciədən təxminən bir il keçməsinə baxmayaraq, yəhudi icması özünü təhlükəsiz hiss etmir.
Jnews.az xəbər verir ki, Finleyin sözlərinə görə, kollecdə təhsil alan oğlu da ölümlə hədələnib.
Sinaqoqa hücum zamanı iki nəfər öldürülüb
Ötən il Cihad əl-Şaminin törətdiyi hücum nəticəsində 53 yaşlı Edrian Dolbi və 66 yaşlı Melvin Kravits həyatını itirib.
Sinaqoqun qapılarını bağlayaraq hücumçunun içəri daxil olmasına mane olmağa çalışan Finley polis əməkdaşının açdığı atəş nəticəsində yaralanıb və iki həftə xəstəxanada müalicə olunub.
“Yəhudilər öz kimliklərini gizlətməyə məcbur qalırlar”
BBC Radio 4-ün “Today” proqramına danışan Finley bildirib ki, yəhudi icması getdikcə daha ciddi təhlükəsizlik tədbirləri şəraitində yaşamalı olur.
“Biz getdikcə daha hündür hasarların arxasında yaşayırıq. İştirak etdiyimiz tədbirlərin heç birinin keçirildiyi ünvan afişalarda göstərilmir. Yəhudilər öz kimliklərini gizlətməyə məcbur qalırlar”, – deyə o vurğulayıb.
Ravvin: Yəhudi icmasının narahatlığı daha da artıb
Hiton-Park sinaqoqunun ravvini Daniel Uoker bildirib ki, son bir il ərzində Britaniya yəhudiləri arasında həssaslıq və təhlükə hissi azalmayıb, əksinə, daha da artıb.
O, icmanın hazırkı vəziyyətini terror hücumundan dərhal sonrakı dövrlə müqayisədə daha ağır qiymətləndirib.
Ravvin vəziyyətin pisləşməsinə nümunə kimi aprelin 29-da Qolderz-Qrində baş verən bıçaqlı hücumu göstərib. Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.
Uoker ötən ili icma üçün “çətinlik, kədər və ağrı” dövrü kimi xarakterizə edib.
“Biz təhlükəsizliyin gücləndirilməsinə görə çox minnətdarıq, lakin kiminsə dərin problemləri həll etdiyinə dair sübut görmürəm. Əksinə, bir çox cəhətdən vəziyyət daha da ciddiləşib”, – deyə ravvin bildirib.
Onun fikrincə, cəmiyyət problemin səbəbləri ilə deyil, yalnız onun nəticələri ilə mübarizə aparır. Uoker hesab edir ki, hazırda yəhudi icmasının özünü təhlükəsiz hiss etməsi üçün kifayət qədər əsas yoxdur.
Mənbə: thejc.com
