Turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bura altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi daxildir.
Bundan əlavə, üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi, həmçinin Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair təkliflər hazırlanmalıdır.
Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, həmçinin bu tədbirlərin icrası barədə ildə bir dəfө Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.
Qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
