7 Elul 5786 20 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Prezident sərəncam imzalayıb: Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Prezident sərəncam imzalayıb: Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 20, 2026 4:11 axşam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. Əziz Əliyevin zəngin ömür yolu və ölkə qarşısındakı xidmətləri yüksək qiymətləndirilir:

“Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir”

Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Prezident sərəncam imzalayıb: Əziz Əliyevin 130 illiyi qeyd ediləcəkjnews.az səsləndirməsi