İsrailin sərhəd polisinin əməkdaşları Yerusəlim dairəsində ölkə ərazisinə qanunsuz daxil olmaq məqsədilə yeraltı tunel qazmağa cəhd edən 36 yaşlı şübhəli şəxsi saxlayıblar. Hadisə Qalandiya ərazisində, təhlükəsizlik səddinin yaxınlığında baş verib.
Polis nümayəndəsi Din Elsdannın sözlərinə görə, “Atarot” komandanlıq mərkəzinin müşahidəçiləri təhlükəsizlik səddinin yaxınlığında qazıntı aparan bir neçə şəxsi aşkar etdikdən sonra əraziyə sərhəd polisinin əməkdaşları göndərilib.
Polis əməkdaşları hadisə yerinə yaxınlaşarkən şübhəlilər qaçmağa cəhd göstəriblər. Təqib zamanı polislər havaya atəş açıblar.
Əməliyyat nəticəsində üzərində müvafiq sənədləri olmayan və İsrailə daxil olmaq üçün icazə almayan 36 yaşlı Qalandiya sakini saxlanılıb. Hadisə yerində qazma alətləri və vedrələr də aşkar edilib.
“Şübhəli şəxs qazıntı aparılan əraziyə gətilib və ilkin dindirmə zamanı məqsədinin İsrail ərazisinə daxil olmaq üçün tunel qazmaq olduğunu bildirib”, – deyə Din Elsdann qeyd edib.
Saxlanılan şəxs və götürülən maddi sübutlar Yerusəlim ətrafı sərhəd polisinin təhqiqat və kəşfiyyat şöbəsinə təhvil verilib.
İstintaq tədbirləri davam etdirilir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və digər mümkün iştirakçıların aşkar edilməsi məqsədilə əlavə saxlanılmaların həyata keçiriləcəyi gözlənilir.
Mənbə: jns.org
