Qlobal iqtisadiyyatdakı mövcud çağırışlara baxmayaraq, Azərbaycan və Rusiya iqtisadi sahədə müsbət trend formalaşdıra bilib.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə deyib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, tərəflər ikitərəfli əlaqələrin möhkəmlənməsini və iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafını qeyd edirlər. Bu ilin aprelində 24-cü iclası keçirilən Hökumətlərarası Komissiyanın müntəzəm təmasları bu prosesin mühüm elementi olaraq qalır.
Ceyhun Bayramov: “Bu kontekstdə hesab edirik ki, dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, bütövlükdə ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın gələcək üçün nəzərdə tutulan istiqamətlər üzərində daha ətraflı dayanacağıq”.
Nazir həmçinin vurğulayıb ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan və Rusiya Federasiyası arasındakı münasibətlərin mühüm tərkib hissəsidir. Bundan əlavə, danışıqlarda tərəflər beynəlxalq platformalarda birgə iş də daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün spektrini müzakirə etməyə hazır olduqlarını bildiriblər.
Mənbə: report.az