Slovakiya Azərbaycanı strateji əhəmiyyətli enerji resurslarının əsas tədarükçülərindən biri və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini “AnewZ” telekanalına müsahibəsində bildirib.
Slovakiya liderinin sözlərinə görə, Şərqi Avropada münaqişənin kəskinləşməsi və enerji böhranının başlanmasından sonra Bakı dərhal Bratislavaya dəstək göstərib. Azərbaycan tərəfi qaz nəqliyyatı sisteminin sərbəst ötürmə güclərindən istifadə etməyi təklif edib.
“Məhz Azərbaycan dərhal bizə ötürmə gücünün bir hissəsini həm “Türk axını”, həm də Bolqarıstan və İtaliya vasitəsilə Avstriyaya gedən digər marşrutlar üzrə təklif etdi. Biz Azərbaycandan qaz aldıq, lakin hazırda uzunmüddətli həll yolu axtarırıq, çünki Azərbaycandan Mərkəzi Avropaya qaz tədarükü ilə bağlı təklif var”.
Peter Pelleqrini xatırladıb ki, 2027-ci ildən sonra Avropa İttifaqı Rusiya qazının satın alınmasından tamamilə imtina etməyi planlaşdırır. Bu şəraitdə təchizat mənbələrinin şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir və Bratislava Bakını bu prosesin əsas oyunçularından biri hesab edir.
Slovakiya Prezidenti həmçinin vurğulayıb ki, ikitərəfli münasibətlər yalnız alıcı-satıcı münasibətlərinə deyil, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edir.
“Biz Azərbaycana, “Azərbaycan zəngin ölkədir, gəlin ona nəsə satmağa çalışaq” deyə düşünən bir çox başqaları kimi, sadəcə alıcı kimi baxmırıq. Biz Slovakiyada bir-birimizə tərəfdaş kimi yanaşmağa üstünlük veririk”.
Pelleqrini uzunmüddətli əməkdaşlığa nümunə kimi müdafiə sənayesində həyata keçirilən birgə təşəbbüsləri qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin müdafiə nazirləri artıq yeni hərbi avadanlıqların birgə istehsalı layihəsini müzakirə ediblər. Gələcəkdə iki ölkənin müəssisələrinin istehsal etdiyi məhsullar Azərbaycanın logistika imkanlarından istifadə edilməklə yeni bazarlara çıxarıla və hər iki tərəfə qarşılıqlı fayda verə bilər.
Daha əvvəl xəbər verilmişdi ki, 2027-ci ildən sonra Slovakiya hər il Azərbaycandan təxminən 1,2 milyard kubmetr təbii qaz almağı planlaşdırır.