Qəzza zolağındakı “sarı xətt” yaxınlığında xidmət aparan İsrail Müdafiə Qüvvələrinə (SAXAL) HƏMAS tərəfindən atəşin intensivləşməsi ehtimalına hazır olmaq tapşırılıb.
Ordu komandanlığı atəşkəs şərtlərinin pozulmasının qarşısını almaq məqsədilə İsrail qüvvələrinin atdığı addımlardan sonra snayper atəşi və digər hücumların baş verə biləcəyindən ehtiyat edir.
İsrail hərbçilərinin qiymətləndirməsinə görə, HƏMAS məsuliyyəti öz üzərindən atmaq və İsraili atəşkəs razılaşmasını pozan tərəf kimi göstərmək üçün İsrail mövqelərinə hücumları SAXAL-ın hərəkətlərinə “cavab” kimi təqdim edə bilər.
Ordu rəhbərliyinin bildirdiyinə görə, piyada bölmələri “sarı xətt”dən kənara yalnız HƏMAS döyüşçüləri tərəfindən atəşkəs rejiminin pozulması halları aşkar edildikdə çıxır.
“Sarı xətt” yaxınlığında fəallıq artır
İsrail tərəfinin məlumatına görə, “sarı xətt” yaxınlığında HƏMAS-ın fəallığında artım müşahidə olunur. Əvvəllər bu ərazilərə əsasən qadınlar və uşaqlar yaxınlaşırdısa, son günlərdə silahlı döyüşçülərin də göründüyü bildirilir. Ərzidə ən azı iki belə halın baş verdiyi qeyd olunur.
Avqustun 14-də HƏMAS-ın altı silahlı üzvünün SAXAL-a məxsus avadanlıqları oğurlamaq məqsədilə “sarı xətt”i keçdiyi bildirilir. Onlara atəş açıldığı, lakin döyüşçülər arasında ölən və yaralananlar barədə məlumat olmadığı qeyd olunur.
Şənbə günü isə qruplaşmanın daha iki üzvünün boruları götürmək məqsədilə İsrailin arxa cəbhəsinə sızmağa çalışdığı bildirilir. Nəticədə onlardan birinin öldürüldüyü, digərinin isə ağır yaralandığı qeyd olunur.
SAXAL pozuntuları sənədləşdirir
İsrail hərbçilərinə “sarı xətt” daxilində yaranan istənilən təhlükəyə dərhal reaksiya vermək və təhlükə yaradan silahlı şəxsləri zərərsizləşdirmək barədə təlimat verilib.
Bununla yanaşı, Cənub Dairəsi komandanlığı təmas xəttindən kənarda zərbələr endirilməsi üçün də meyarlar müəyyənləşdirib. Əsas şərtlərdən biri mülki əhali arasında itkilərin qarşısının alınmasıdır.
SAXAL HƏMAS tərəfindən atəşkəs rejiminin pozulması hallarını sistemli şəkildə sənədləşdirdiyini bildirir. Ordunun məlumatına görə, toplanan materiallar ABŞ tərəfinə və Sülh Şurasına təqdim olunur.
Qeydə alınan epizodlar arasında silahlı şəxslərin mövqelərinin dəyişdirilməsi, partlayıcı qurğuların yerləşdirilməsi, “sarı xətt”i keçmək cəhdləri, çəpərlərin qurulması və silah istehsalı yer alır.
“Ofek İsrael” hərəkatından isə HƏMAS-ın mövcud atəşkəsdən terror infrastrukturunu bərpa etmək üçün istifadə etdiyi bildirilib. Hərəkat qruplaşmanın yeni qüvvə və silah yerləşdirməsinə imkan verilməməsinə çağırıb.
Mənbə: 9tv.co.il
