ABŞ prezidenti Donald Tramp bir sıra xarici dövlətlərin, o cümlədən İsrailin Birləşmiş Ştatlarda ictimai rəyə təsir etməyə çalışması ilə bağlı mövqeyi bölüşür. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt müntəzəm brifinq zamanı məlumat verib.
Vitse-prezident Cey Di Vensin son bəyanatları ilə bağlı jurnalistlərin suallarını cavablandıran Livitt Amerika liderinin mövqeyini təsdiqləyib.
Hesab edirəm ki, prezident xarici dövlətlərin Birləşmiş Ştatlarda ictimai rəyə təsir etmək üçün səylər göstərdiyi fikri ilə mütləq razılaşardı. Bunda heç bir şübhə yoxdur — bu, fundamental faktdır.
Daha əvvəl vitse-prezident Cey Di Vens amerikalı komik və teleaparıcı Co Roqanın podkastında İsrail hökumətində Amerikadakı ictimai rəyi manipulyasiya edən şəxslərin olduğunu bildirib. Onun sözlərinə görə, onlar ABŞ vətəndaşlarının əhval-ruhiyyəsini hərbi əməliyyatların sonu görünmədən davam etməsi üçün dəyişməyə çalışırlar və Vaşinqtonun Tehranla mümkün razılaşmasına qarşı çıxırlar.
Mənbə: report.az