Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla vurğulanıb. Bu xüsusda, Litva Respublikasının sabiq baş naziri İnqa Ruqinienenin bu ilin aprelində ölkəmizə reallaşan səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.
Dövlətimizin başçısı Mindauqas Sinkeviçyusu Litvanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən Mindauqas Sinkeviçyus baş nazir kimi ikitərəfli əlaqələrin inkişafını hər zaman diqqətdə saxlayacağını ifadə edib.
Danışıqlar əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması və ticarət dövriyyəsinin artırılması məsələləri ətraflı nəzərdən keçirilib.
Litvanın baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri də müzakirə olunub. Son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib, həmçinin Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə daim dəstək verdiyi vurğulanıb.
Prezident İlham Əliyev və Baş nazir Mindauqas Sinkeviçyus beynəlxalq arenada mövcud olan cari vəziyyətə dair də fikir mübadiləsi aparıblar.
