Böyük Britaniya hökuməti 7 iyul tarixində Azərbaycana məxsus “Zəngəzur” neft tankerinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Bu barədə Britaniya hökuməti rəsmi məlumat yayıb.
Sanksiyaların əsası nə idi?
“Zəngəzur” tankeri daha əvvəl Britaniya sanksiya siyahısına daxil edilmişdi. Gəmiyə qarşı irəli sürülən ittihamlara görə, o “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” fəaliyyətlərlə bağlı qeyd edilmişdi.
Avropa İttifaqı da sanksiyaları götürüb
Bu, Britaniya tərəfindən atılan ilk addım deyil. Daha əvvəl Avropa İttifaqı Şurası da qəbul etdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə aid “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq olunan sanksiyaları ləğv etmişdi.