Almaniyada keçirilən təkər gimnastikası (Rhönrad) üzrə dünya çempionatı İsrail idmançıları üçün uğurla başa çatıb. Gənclər arasında çıxış edən İsrail təmsilçiləri yarışda ümumilikdə 6 qızıl və 1 bürünc medal qazanaraq yüksək nəticəyə imza atıblar.
Yarışın ən uğurlu idmançılarından biri olan Alon Havolnik gənclər arasında çoxnövçülük üzrə dünya çempionu adını qazanıb. O, bununla yanaşı, Straight-Line və Spiral növlərində də qızıl medal əldə edərək turniri üç çempionluqla başa vurub.
Digər israilli idmançı Bar Dubinski də gənclər arasında çoxnövçülük üzrə qızıl medal qazanıb. O, əlavə olaraq Straight-Line və Vault növlərində də fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək ümumilikdə üç qızıl medalın sahibi olub.
Qali Yarski isə gənclər arasında çoxnövçülük yarışında bürünc medal qazanaraq İsrail komandasının uğuruna töhfə verib.
Qeyd edək ki, təkər gimnastikası (Rhönrad) idman növündə iştirakçılar iki böyük halqadan və onları birləşdirən metal konstruksiyadan ibarət xüsusi təkərin içərisində və ya üzərində müxtəlif akrobatik hərəkətlər, fırlanmalar və balans elementləri nümayiş etdirirlər. Bu idman növü yüksək koordinasiya, çeviklik və fiziki hazırlıq tələb edir.