ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəsin artıq qüvvədə olmadığını bəyan etməsindən sonra dünya bazarlarında ciddi dalğalanma müşahidə olunub.
Neft qiymətləri 6%-dən çox artıb, fond bazarlarında isə kəskin eniş qeydə alınıb. Brent markalı neftin bir barreli 6,4% bahalaşaraq 78,93 dollara, ABŞ-ın etalon nefti WTI isə 6,5% artaraq 74,99 dollara yüksəlib.
Qeyd olunur ki, son həftələrdə ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın əldə olunacağına dair gözləntilər fonunda neft ucuzlaşırdı. Hazırkı qiymətlər hələ də müharibə dövründəki zirvə səviyyəsindən (Brent neftinin 120 dolları keçdiyi dövr) xeyli aşağı olsa da, son bahalaşma inflyasiya ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Bəyanat qlobal fond bazarlarına da mənfi təsir göstərib. Dow Jones və Nasdaq indeksləri üzrə fyuçerslər müvafiq olaraq 1,3% və 1,6%, S&P 500 üzrə fyuçerslər isə 1% geriləyib.
Avropanın əsas fond indeksləri təxminən 2% enib. Asiyada isə Cənubi Koreyanın KOSPI indeksi ticarət gününü 5,4%, Yaponiyanın Nikkei indeksi isə 2,1% azalma ilə başa vurub.