İranda sərt mövqeyi ilə tanınan parlament üzvü Həmid Rəsai ABŞ Prezidenti Donald Trampa qarşı açıq təhdid xarakterli paylaşım edib.
Xarici KİV-in məlumatına görə, Rəsai İranın “Virasty” sosial media platformasında yazdığı paylaşımda Trampın NATO sammitində iştirak etmək üçün Türkiyədə olmasını hədəfə alaraq, onun qaldığı məkanın raketlə vurulmasına çağırış edib. Deputat paylaşımında Tramp barəsində təhqiramiz ifadələr də işlədib.
“Trampın Türkiyədə olması onun qaldığı yeri raketlə vurmaq üçün yaxşı fürsətdir”.
Sözügedən paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hazırda İran rəsmiləri və ya təhlükəsizlik qurumları deputatın bu bəyanatı ilə bağlı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankaradadır. Sammit Yaxın Şərqdə gərginliyin artdığı və ABŞ-la İran arasında münasibətlərin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir.