Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq nəticə əldə edə bilməyən müəllimlərlə əlaqədar iş aparmaq üçün xüsusi komissiyalar formalaşdırılıb.
Agentliyin məlumatına görə, bu komissiyalar 31 iyul tarixinə qədər onun yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.
Komissiyaların əsas vəzifəsi təkrar sertifikatlaşdırma imtahanında tələb olunan keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkilini həyata keçirməkdir. Bu çərçivədə həmin şəxslərin sosial statusu mərhələli qaydada qiymətləndiriləcək, eyni zamanda onların alternativ iş yeri ilə təmin olunma imkanları araşdırılacaq.
Qeyd edək ki, təkrar sertifikatlaşdırma prosesində 91 mindən çox müəllim uğur qazanıb, 9 334 nəfərin isə əmək müqaviləsinə xitam verilib.