Magistratura səviyyəsinə qəbul olunan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatdan yalnız my.gov.az portalı vasitəsilə keçəcəklər. Bunun üçün “mygov” platformasında Elm və Təhsil Nazirliyinin müvafiq elektron xidməti istifadəyə verilib.
Xidmət vasitəsilə qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək.
Qeydiyyat üçün bakalavrlar əvvəlcə myGov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsindəki “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər.
Müraciətin statusunu “mygov” platformasındakı şəxsi kabinet vasitəsilə real vaxt rejimində izləmək mümkündür. Müraciət “Ödəniş gözlənilir” statusunda olduqda təhsil haqqı “Onlayn ödə” funksiyası ilə ödənilə və ya “Qəbzi yüklə” seçimi vasitəsilə ödənişi təsdiq edən sənəd sistemə əlavə edilə bilər.
Qeydiyyat müraciəti ali təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses başa çatmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa “mygov” platforması üzərindən bildiriş göndərilir.
