Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqda davam edir. Hökumətin açıqladığı son məlumatlara görə, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının sayı 3 200-ə, virus səbəbindən həyatını itirənlərin sayı isə 1405-ə çatıb.
Beynəlxalq KİV-lərin yaydığı məlumata əsasən, son günlər ərzində yoluxma hallarının kəskin artması səhiyyə qurumlarında narahatlıq yaradıb. Mütəxəssislər epidemiyanın qarşısını almaq üçün yoluxma ocaqlarında nəzarət tədbirlərinin gücləndirildiyini, peyvəndləmə və xəstələrin təcrid olunması işlərinin davam etdiyini bildirirlər.
Ümumdünya Səhiyyə Təşkilatı və yerli səhiyyə orqanları xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün beynəlxalq dəstəyin vacibliyini vurğulayırlar.