Yenilənib: Sentyabr 10, 2026 11:20 səhər
Şəkinin Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Jnews.az xəbər verir ki, sentyabrın 8-də Şəki Rayon Prokurorluğuna istirahət mərkəzində iki nəfərin həlak olması barədə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
İlkin istintaq zamanı müəyyən edilib ki, faciə “Zipline” attraksionundan istifadə zamanı baş verib. Əsas mexaniki qurğu kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya uğraması səbəbindən trosdan çıxıb.
Əlavə təhlükəsizlik avadanlığının da zədələnməsi nəticəsində hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində ölüb.
Meyitlərə və istirahət mərkəzinin ərazisinə baxış keçirilib. Prokurorluq tərəfindən məhkəmə-tibbi və texniki ekspertizalar, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmasının yoxlanılması ilə bağlı digər tədbirlər təyin edilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb.
Hazırda istintaq orqanları hadisənin bütün hallarını, o cümlədən avadanlığın texniki vəziyyətini və onun istismarının təhlükəsizlik tələblərinə uyğun olub-olmadığını araşdırır.
