Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda torpağa tapşırılıb.
Jnews.az xəbər verir ki, dəfn mərasimində dövlət və mədəniyyət xadimləri, sənət dostları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski bu gün vəfat edib.
Aleksandr Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan Şarovski 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən isə teatrın baş rejissoru olub.
Xalq artisti uzun illər ərzində Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib. O, səhnədə 50-dən çox obraz yaradıb, 4 filmdə çəkilib və 54 tamaşaya quruluş verib. Şarovski 1988-ci ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, həmçinin “Şöhrət” və “Şərəf” ordenləri, “Qızıl Dərviş” və “Humay” mükafatları ilə təltif edilib.
Aleksandr Şarovski Bakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri kimi də fəaliyyət göstərib.
