Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi sentyabrın 9-da saat 14:30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək.
Jnews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi İkinci Fəxri xiyabanda keçiriləcək.
Qeyd edək ki, bu gün vəfat edən Aleksandr Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan Şarovski 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən isə teatrın baş rejissoru olub.
Xalq artisti uzun illər ərzində Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib. O, səhnədə 50-dən çox obraz yaradıb, 4 filmdə çəkilib və 54 tamaşaya quruluş verib. Şarovski 1988-ci ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, həmçinin “Şöhrət” və “Şərəf” ordenləri, “Qızıl Dərviş” və “Humay” mükafatları ilə təltif edilib.
Aleksandr Şarovski Bakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri idi.
