İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb. Hadisə sentyabrın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Jnews.az xəbər verir ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
İlk hadisə saat 01:30-da qeydə alınıb. İran İslam Respublikasından Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd “Metadon M-40” həbinin keçirildiyi müəyyən olunub.
İkinci hadisə isə saat 04:10-da baş verib. Bu dəfə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi üçün paraplandan istifadə olunub. Nəticədə 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd “Metadon M-40” həbi aşkar edilib.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə: oxu.az
