Böyük Britaniya hökuməti “Citibank”ın London filialını Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyalarını pozduğuna görə 4,73 milyon funt sterlinq cərimələyib.
Jnews.az xəbər verir ki, Böyük Britaniya Maliyyə Sanksiyalarının İcrası İdarəsinin (OFSI) məlumatına görə, CBNA London filialı sanksiya rejiminə zidd olaraq ümumilikdə 970 ödəniş həyata keçirib. Bu əməliyyatların ümumi dəyəri 19,7 milyon funt sterlinq təşkil edib.
Sanksiyalara zidd əməliyyatlar
OFSI bildirib ki, pozuntuların böyük hissəsi 2022-ci ilin fevral-noyabr ayları arasında, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra tətbiq edilən genişmiqyaslı sanksiyaların qüvvədə olduğu dövrdə baş verib.
Bankın həyata keçirdiyi bəzi ödənişlər Rusiyanın dövlətə məxsus “Sovcomflot” şirkəti, həmçinin sanksiya siyahısında olan “Alfa-Bank”, “Gazprombank” və Moskva Kredit Bankı ilə əlaqəli olub.
OFSI CBNA London filialının sanksiyaları qəsdən pozduğunu hesab etmədiyini bildirib. Bununla belə, qurum bankın müxtəlif biznes sahələri və sistemlərində baş verən səhv və çatışmazlıqların ciddi xarakter daşıdığını vurğulayıb.
“Citibank” araşdırma ilə əməkdaşlıq etdiyini və sanksiyalara riayət üzrə nəzarət sistemlərinə investisiyaları davam etdirdiyini açıqlayıb.
Mənbə: jpost.com
