Yenilənib: Avqust 18, 2026 11:45 səhər
ABŞ-nin «The National Interest» nəşrində Mərkəzi Asiya ölkələrinin İsrailə münasibətinə həsr olunmuş analitik məqalə dərc olunub.
Müəllifi Arcun Sinqh olan materialda qeyd olunur ki, əhalisinin əksəriyyəti müsəlman olan Mərkəzi Asiya ölkələri Yaxın Şərqin bir sıra dövlətlərindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsi fonunda daha praqmatik və ehtiyatlı siyasət yürüdürlər. Müəllifin fikrincə, region ölkələri İsrail ilə münasibətlərdə əsasən iqtisadi və geopolitik maraqları nəzərə alırlar.
Məqalədə Qazaxıstanın İsrailin Mərkəzi Asiyadakı ən güclü tərəfdaşı olduğu xüsusi vurğulanır. Materialda Qazaxıstanın 2025-ci ildə «Avraam sazişləri»nə qoşulması, İsrail ilə uzunmüddətli diplomatik və iqtisadi əlaqələri, həmçinin energetika sahəsində əməkdaşlığı xatırladılır. Müəllif yazır ki, Azərbaycan və Qazaxıstan İsrailə neft idxalının əhəmiyyətli hissəsini təmin edir.
Məqalənin diqqətçəkən hissələrindən biri Azərbaycanın İsrail ilə Mərkəzi Asiya arasındakı əlaqələrdə oynaya biləcəyi rola həsr olunub.
Müəllif Azərbaycanı «İsrailin ən yaxın müsəlman tərəfdaşı» kimi təqdim edir və son illərdə ölkənin Mərkəzi Asiya ilə də əlaqələrini genişləndirdiyini bildirir. Nəşrdə Azərbaycanın Avropaya yönələn mallar üçün mühüm tranzit məntəqəsi və Mərkəzi Asiya ölkələri üçün siyasi tərəfdaş kimi mövqelərinin möhkəmləndiyi qeyd olunur.
Sinqh yazır ki, 2025-ci ilin sonunda Mərkəzi Asiyanın beş ölkəsinin liderləri Azərbaycanın C5+1 formatına daxil edilməsi barədə razılığa gəliblər. Bu format ABŞ, Çin və Hindistan kimi böyük dövlətlərin Mərkəzi Asiya ilə kollektiv əməkdaşlıq üçün istifadə etdiyi platformadır.
Müəllifin fikrincə, əgər İsrail Mərkəzi Asiya ilə əlaqələrini genişləndirmək istəyirsə, C5+1 formatı vasitəsilə region ölkələri ilə daha sistemli əməkdaşlıq qura bilər. Bu əməkdaşlıq İsrailin Mərkəzi Asiyanın kritik mineral resurslarına, eləcə də neft və təbii qaz ehtiyatlarına çıxış imkanlarının genişlənməsinə şərait yarada bilər.
Məqalədə bu prosesdə Azərbaycanın xüsusi əhəmiyyəti vurğulanır. Müəllif hesab edir ki, Mərkəzi Asiyada mövqelərini möhkəmləndirmək üçün İsrailin artıq Azərbaycanda mühüm dayağı var.
Materialda həmçinin bildirilir ki, Özbəkistan, Qırğızıstan və Türkmənistanın İsrail ilə diplomatik münasibətləri olsa da, onların əlaqələri Qazaxıstanla müqayisədə daha məhduddur. Tacikistanın İranla yaxın mədəni və siyasi əlaqələrinə görə İsrail ilə münasibətlərdə daha çox ehtiyat nümayiş etdirdiyi qeyd olunur.
Məqalənin ümumi nəticəsinə görə, Mərkəzi Asiya dövlətləri Rusiya, Çin və ABŞ arasında balansı saxlayan siyasət yürütməyə çalışırlar. İsrail ilə münasibətlər isə bu ölkələr tərəfindən həm iqtisadi imkanlar, həm də Qərb, xüsusilə ABŞ ilə əlaqələrin möhkəmləndirilməsi baxımından əlavə alət kimi nəzərdən keçirilir.
Bu kontekstdə müəllif Azərbaycanın mövqeyini xüsusi vurğulayaraq qeyd edir ki, Azərbaycan İsrail üçün yalnız yaxın müsəlman tərəfdaş deyil, həm də İsrailin Mərkəzi Asiyaya çıxışı baxımından strateji əhəmiyyət kəsb edən ölkədir.
