Tovuz rayonunun Xatınlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobilin su kanalına düşməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü – 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun və qəza nəticəsində su kanalına düşən 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyitləri kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

