Bazar ertəsi Kanadanın Monreal şəhər Şurasında müxalifətdə olan “Projet Montréal” partiyasının üzvləri Natali Qule, Erika Alnyo və Aleks Norris tərəfindən iyun ayında təqdim edilmiş qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Sənəddə Monreal şəhər rəhbərliyinin İsrailin Fələstin ərazilərindəki fəaliyyətlərini “soyqırım” kimi tanıması tələb olunur.
Qətnamə layihəsində İsrail hökuməti, onun qurumları və bələdiyyələri ilə Monreal arasında bütün institusional əlaqələrin dayandırılması təklif edilir. Bu tədbirin İsrail “beynəlxalq səviyyədə tanınmış sərhədlərə” qayıdana və fələstinlilərin hüquqlarının pozulmasına son qoyulana qədər qüvvədə qalması nəzərdə tutulur.
Sənəddə eyni zamanda antisemitizm və islamofobiya pislənilir. Bildirilir ki, yəhudi və israilli əsilli Monreal sakinləri İsrail hökumətinin siyasət və fəaliyyətlərinə görə məsuliyyət daşımamalıdırlar.
Təşəbbüs İsrail və Yəhudi İşləri Mərkəzi (CIJA) tərəfindən sərt tənqid olunub. Təşkilat qətnamə müəlliflərini Monrealın evsizlik, narkomaniya və mənzil böhranı kimi ciddi daxili problemlərlə üzləşdiyi bir vaxtda “xarici münaqişəni” şəhər rəhbərliyinin gündəminə gətirməyə çalışmaqda ittiham edib.
CIJA, həmçinin qətnamənin mətnində HƏMAS-ın terror təşkilatı kimi qeyd olunmamasına diqqət çəkib.
Qətnamənin rədd edilməsini tələb edənlər arasında 7 oktyabr 2023-cü ildə İsraildə “Supernova” musiqi festivalına HƏMAS-ın hücumu zamanı oğlu Aleksini itirmiş Rakel Luk da var.
CIJA tərəfindən yayımlanan video müraciətdə Luk bu təşəbbüsün cəmiyyətdə parçalanmanı daha da dərinləşdirə biləcəyini bildirib.
“Sizə yalvarıram! Oğlumu məndən alan dözümsüzlüyün kök salmasına və şəhərimizi məhv etməsinə imkan verməyin”, – deyə Luk bildirib.
O, həmçinin 7 oktyabr hadisələrindən sonra Monrealda nifrət zəminində törədilən cinayətlərin sayının artdığını qeyd edib. Lukun sözlərinə görə, Kanadadakı yəhudi icması bu cür hadisələrin qeyri-mütənasib dərəcədə yüksək səviyyəsi ilə üzləşir.
Qətnamənin gələcək taleyi Kanadanın Monreal şəhər Şurasında keçiriləcək müzakirələrdən sonra müəyyənləşəcək.
Mənbə: jns.org
