Pakistan Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib.
Bu barədə İ. Xanın rəhbərlik etdiyi Pakistan Təhrik-i-İnsaf (PTI) Partiyası məlumat yayıb. Qərar keçmiş baş nazirin ailəsi və tərəfdarlarının uzun müddətdir onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə edərək xəstəxanaya yerləşdirilməsini tələb etməsindən sonra qəbul edilib.
73 yaşlı keçmiş kriketçi və siyasətçi 2023-cü ilin avqustundan həbsdədir. O, 2022-ci ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra bir sıra cinayət işləri üzrə məhkum edilib.
PTI-nin sözçüsü Zülfiqar Buxari məhkəmənin qərarını alqışlayıb.
“Bu, çox müsbət qərardır. Kaş ki, daha əvvəl qəbul ediləydi ki, onun gözündə və ümumi səhhətində vəziyyət bu qədər pisləşməsin”, – Buxari bildirib.
Onun sözlərinə görə, Xan bütün həkimlər səhhətinin qənaətbəxş olduğunu təsdiqləyənədək xəstəxanada qalmalıdır.
İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhrik-i-İnsaf Partiyası 2018-ci ildə hakimiyyətə gəlib və ölkənin əsas əyalətlərində geniş dəstək bazasını hələ də qoruyub saxlayır. Lakin 2024-cü il seçkilərindən əvvəl partiyanın seçki hüququ əlindən alınıb və nəticədə onun namizədləri seçkilərdə müstəqil namizədlər kimi iştirak ediblər.
