Avqustun 16-da səhər saatlarında Rumıniyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı NATO missiyası çərçivəsində Rumıniyada xidmət aparan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcısı tərəfindən vurulub.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər saat 04:44 radələrində Moldovadan ölkənin hava məkanına daxil olan naməlum hava hədəfi aşkarlayıblar. Hədəf Qalats şəhərindən təxminən 24 kilometr şimalda qeydə alınıb.
“Mixail Kogelniceanu” aviabazasında döyüş növbəsində olan İspaniya F-18-i hədəflə radar əlaqəsi yaradıb. Rumıniya tərəfinin icazəsindən sonra pilot hədəfi məhv edib. Dron saat 05:01-də vurulub.
Pilotsuz uçuş aparatının qalıqlarının Qalats dairəsindəki Bələni və Kudalbi yaşayış məntəqələri arasında, yaşayış olmayan ərazidə düşdüyü ehtimal edilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Dronun mənşəyi hələlik rəsmi şəkildə təsdiqlənməyib.
